Məhərrəmov Təhməz Səfi oğlu, 1937-ci il, yanvar ayının 5-də Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1945-ci ildə Kosalar kənd 7 illik məktəbinin birinci sinfinə gedir. 1952-ci ildə həmin məktəbi bitirir. Həmin ilin sentyabr ayında Şuşa şəhər Bədən tərbiyəsi Texnikumuna daxil olur. 1956-cı ildə həmin məktəbi bitirir. Həmin ilin sentyabr ayının 1-dən Kosalar kənd 7 illik məktəbinə müəllim təyin edilir.
Təhməz müəllim 1960-61-ci illərdə Sovet ordusu sıralarında xidmət edir. Ordudan tərxis olunaraq, Vətənə, doğma kəndinə qayıdan Təhməz müəlim, doğma məktəbdə əmək fəaliyyətini davam etdirir.
O, 1963-cü ildə Azərbay-can Dövlət Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsinə daxil olur. 1969-cu ildə institutu həmin ixtisas üzrə başa vurur.
Təhməz müəllim pedoqoji fəaliyyəti ərzində yüksək səviyyəli dərs üsulu ilə həmişə seçilmişdir. O, həmişə nizam - intizamı ilə örnək olmuşdur. Yeni dərs ilində lazımi sənədləri ilk təsdiqlədən müəllimlərdən biri də Təhməz müəllim olardı. Onun haqqında eyni illərdə işləmiş müəllim yoldaşlarından kifayət qədər xoş sözlər eşitmək olar.
Təhməz müəllim 1985-ci ildə təhsildə yüksək nailiyyətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Baş müəllim” adına layiq görülmüşdür. 2008-ci ildə müəllimlər arasında keçirilən attestasiya imtahanında göstərdiyi yüksək nəticəyə görə Xocalı rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2010-cu ildə şagirdlərin təlim - tərbiyəsində yüksək xidmətlərinə görə məktəb üzrə ilin müəllimi seçilmişdir. Təhməz müəllimin şagirdləri fənn olimpiadalarında yüksək nəticələr göstərmişlər. Bu səbəbdən Təhməz müəllim və onun şagirdləri bir çox fəxri fərmanlarla təltif olunmuşdur.
Təhməz müəllimin təlim metodu əsl pedaqoji normalara uyğun təlim üsulu idi. O, heç zaman uşaqlarla münasibətini pozmazdı, eyni zamanda sinif otağında təmkinini qoruyardı. Odur ki, bu korifey müəllimin dərsini şagirdləri pozmaz və maraqla onun yeni dərsini dinləyərdilər. Təhməz müəllimin yeni mövzunu izahı şagirdlər üçün hər zaman yeni bir kəşf olardı. Budur artıq dərs danışmaq vaxtıdır...Bax, bu əsl imtahan idi.
Yaş həddi ilə əlaqədar olaraq, 2011-ci il, avqust ayının 26-da müəllimlik vəzifəsindən azad edilmişdir.
55 ilini şagirdlərin təlim-tərbiyəsinə həsr edən Təhməz Məhərrəmov məktəb həyatından ayrılsa da, ara-sıra əlamətdar tədbirlərdə doğma məktəbi olan Kosalar kənd tam orta məktəbinə baş çəkir, məktəbdə əvvəllər onunla birlikdə çalışan və sonradan pedaqoji kollektivə qoşulan müəllimlərə xoş arzularını bildirərdi.
Daim şagirdlərinə sağlamlıq haqqında tövsiyələr verən bu polad kimi insanın, xəstəliyi heç zaman yaxına buraxmayan bir adamın ölüm xəbəri hər bir tanıyanı, şagirdlərini, müəllim kollektivimizi sarsıtdı. Avqust ayının 17-də haqq dünyasına qovuşan Təhməz müəllimin vəfat xəbəri hər birimizdə dərin kədər və təəssüf hissi yaratdı.
İllər ötəcək, ancaq hərtərəfli bilgiyə malik olan Təhməz müəllimin yaddaşımıza həkk olmuş gülər üzünü, şirin zarafatlarını, baməzə sözlərini, insani keyfiyyətlərini daim xoş xatirələrlə anacağıq.
Necə də gözəl idi belə müəllimlərlə birgə işləmək...
Məkanın cənnət olsun!
Rauf MİRZƏYEV,
Xocalı rayon Kosalar kənd tam orta məktəbinin
təşkilati işlər üzrə direktor müavini